Lənkəranda kürəkən qayınanasını bıçaqlayıb

Lənkəranda ailə münaqişəsi zəminində kürəkən qayınanasını bıçaqlayıb. Bu barədə APA TV-nin cənub bürosuna Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib. Rayonun Liman şəhər sakini, 1964-cü il təvəllüdlü İrina Aleksandrovna Abbasova qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ötən gecə xəstəxananın cərrahiyyə şöbəsinə daxil olub. Əlindəki bıçağın ehtiytsızlıqdan bədəninə nüfuz etdiyini bildirən qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb, yarası tikilərək palataya yerləşdirilib. Az sonra İrina Abbasovanın dalağının partladığı  məlum olub. Həkimlərin müdaxiləsi nəticəsində qadının sağlamlığı üçün yaranmış təhlükə aradan götürülüb. Bundan sonra İrina Abbasova kürəkəni tərəfindən bıçaqlandığını etiraf edib. Onun sözlərinə görə, kürəkəni ilə qızı arasında mübahisə yaranıb. Onların arasına girən qayınana son nəticədə kürəkənin əlindəki bıçağa tuş gəlib. Hazırda faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman şəhər polis bölməsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Könül Cəfərli