Faringitdən əziyyət çəkənlər nələrə diqqət etməlidirlər?

"Azərbaycanda uşaqlar arasında burun udlağının xəstəlikləri daha çox yayılıb. Bunlara udlaq badamcıqlarının böyüməsi, udlaq badamcıqlarının infeksiyası və angenaları aid etmək olar".

 

Bu barədə APA TV-yə Azərbaycan Tibb Universitetinin dosenti Cabbar Cəlilov bildirib. Onun sözlərinə görə, bu xəstəliklər sırasına burun çəpərinin əyrilikləri və burun balıqqulaqlarının böyüməsi üstünlük təşkil edir: "Bundan əlavə mühitin çirkliliyi ilə alergik xəstəliklər və burun boşluğu polipozlarıdır ki, bunlar da burundan nəfəs almanın çətinliyinə gətirib çıxarır".

 

O bildirib ki, burun-boğaz xəstəlikləri arasında faringit xəstəliyi də əvvəlki illərə nisbətən xeyli artıb: "Faringit  udlağın seliklli qişasının xəstəliyidir. Hazırda Azərbaycan əhalisinin 85-90 %-i faringitdən əziyyət çəkir".

Həkim əsasən, mövsümi xəstəlik olan faringitin yaz-payız aylarında daha da kəskinləşdiyini bildirib. Onun sözlərinə görə, xəstəlik virus və müxtəlif infeksiyalar nəticəsində törənir. Udlaqda qızartı, quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək başlayır. Bundan başqa, burunda tutulma, axıntı, baş ağrısı, halsızlıq və digər hallar yarana bilər. Profilaktik tədbirlərə gəlincə Cabbar Cəlilov deyir ki, belə xəstələr hava çirkli olduğu zaman açıq havaya çıxmamalıdırlar. Mümkün qədər boğaz ağrısı olan insanlarla təmasdan çəkinməlidirlər. Siqaret çəkilən məkanlardan uzaq olmalıdırlar. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı