Horadiz əməliyyatının 21-ci ildönümü qeyd olunub
Azərbaycan Silahlı Qüvvələrinin 21 il öncə həyata keçirdiyi uğurlu Horadiz əməliyyatının ildönümü qeyd olunub. APA TV-nin məlumatına görə, Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını, döyüşlərdə şəhid olmuş yoldaşlarının məzarını ziyarət ediblər. Milli Qəhrəman Elxan Zülfüqarovun məzarı üzərində toplanan veteranlar qarşısında çıxış edən hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov, ehtiyatda olan polkovnik-leytenant Tariyel Qəhrəmanov Horadiz əməliyyatının Azərbaycan Silahlı Qüvvələrinin tarixində özünəməxsus rolunu və tarixi nailiyyətini vurğulayıblar.
Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum ediblər. Hücumun qarşısını kəsən milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad edib. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə biliblər. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə erməni tərəfin itkiləri Azərbaycan tərəfindən 2 dəfə çox olub.