Bakıda narkotik alverçiləri yaxalandı
Abşeronda narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb. APA TV-nin məlumatına görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları rayon sakini Mirzə Manafov saxlayıblar. Daxil olmuş əməliyyat məlumatı əsasında ona məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı ümumi çəkisi 6 kiloqram narkotik vasitə, o cümlədən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində isə Salyan şəhər sakinləri Abış Ələkbərov və Şöhrət Ağayev paytaxtın Qaradağ rayonu ərazisində 1 kiloqram qurudulmuş marixuananı 3000 manata satarkən saxlanılıblar.
Hər iki faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.