Beynəlxalq koalisiya qüvvələrindən İŞİD-ə ağır zərbə
Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr İŞİD-in mövqelərinə 20 hava zərbəsi endirib.
APA TV-nin məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib. Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 14, İraqda isə 6 hava zərbəsi endirib. “Iraqi News agency”-nin məlumatına əsasən, bir neçə gün ərzində İraqın təhlükəsizlik qüvvələri Salahəddin əyalətində azı 26 silahlını məhv edib.
Digər yandan İŞİD terrorçu qruplaşması daha 8 nəfəri edam edib. Terrorçuların budəfəki qurbanları İraq ordusunun hərbçiləri olub.
8 nəfərin hamısı başlarından güllə ilə vurularaq öldürülüb. Terrorçular İraqın Səlahəddin vilayətində həyata keçirilən edamın fotoşəkillərini də internetdə paylaşıb. Öldürülən İraq əsgərlərinin üzərində narıncı paltar olub.
Terrorçular öldürülənlərin İraq ordusu üçün casusluq etdiyini iddia edib.