İstanbulda kütləvi aksiya: polislə nümayişçilər arasında qarşıdurma olub

Türkiyənin İstanbul şəhərində “Gəzi Parkı” hadisələri zamanı öldürülən Berkin Elvanın doğum günü ilə bağlı təşkil olunan tədbir gərgin keçib. Yüzlərlə gənc İstanbulun mərkəzi küçələrində yürüş təşkil edib. Bu zaman onlar polisin sərt müdaxiləsi ilə qarşılaşıblar.

 

Polisin müdaxiləsinə baxmayaraq, Taksim meydanında toplaşan gənclər buradan Berkin Elvanın məzarına gedərək onu doğum günündə məzarı başında anıblar.

 

Axşam saatlarına doğru Beyoğlu küçəsində anım yürüşünü davam etdirmək istəyən gənclərlə polis arasında qarşıdurma olub. Polis "Molotov kokteyli" atan gənclərə bibər qazı ilə müdaxilə edib. Aksiya iştirakçılarından bir neçəsi saxlanılıb.

 

Xatırladaq ki,  2013-cü ildə “Gəzi Parkı”nın sökülməsinə qarşı baş qaldıran etirazlar bir qədər sonra hökumətə qarşı irimiqyaslı etirazlara çevrilmişdi. Aksiyalar zamanı Berkin  Elvan polisin atdığı gözyaşardıcı qaz kanistrinin başına dəyməsi nəticəsində aldığı xəsarətdən dünyasını dəyişmişdi.

 

Müəllif | Apa.Tv