Azərbaycana “Nodulyar dermatit” virusuna qarşı yeni vaksin gətiriləcək

"Ötən il iri buynuzlu mal-qara arasında geniş yayılan “Nodulyar dermatit” virusunun müalicəsi üçün yaz aylarında ölkəyə yeni vaksinlər gətiriləcək". Bu barədə APA TV-yə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. 

Onun sözlərinə görə, yeni vaksinlər Türkiyədən alınacaq. Buna səbəb ölkədə yayılan xəstəliklə Türkiyədə olan virusun eyni olmasıdır. Hazırda Türkiyə virusa qarşı yeni vaksin əldə edib. Yeni vaksinin alınması üçün artıq iki ölkə arasında danışıqlar aparılır. 

Yolçu Xanvəli bildirib ki, ölkə ərazisində ümumilikdə 6200 baş iri buynuzlu heyvan sözü gedən xəstəliyə tutulub. Virusa yoluxan heyvanlardan 255-i tələf olsa da, digərləri müalicə edilib. Hazırda virusun yayılma arealı nisbətən kiçilib. 

Qeyd edək ki, “Nodulyar dermatit” virusu ölkəmizə İraq, Türkiyə və İran ərazilərindən keçməklə yayılıb. Virus daha çox isti regionlarda - Biləsuvar, Ucar, Cəlilabad və Ağdaşda müşahidə olunub. 

 

Müəllif | Apa.Tv