Magistraturaya qəbul imtahanlarının vaxtı dəyişib
"Bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ali təhsil müəssisələrinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının vaxtı dəyişib".
APA TV-nin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev deyib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı magistratura səviyyəsinə qəbul imtahanlarının qrafikində dəyişiklik nəzərdə tutulur. Ötən il magistraturaya qəbul imtahanının I mərhələsi mart ayında keçirilmişdisə, bu il imtahanın ilk mərhələsinin fevralın sonunda aparıla bilər: "Magistratura pilləsinə qəbul imtahanının II mərhələsi isə ötən il mayın sonunda təşkil olunmuşdusa, bu il imtahan aprelin sonu və ya mayın əvvəlində aparılacaq. Hazırda cari ildə qəbul aparılacaq ixtisaslarının sayı müəyyənləşdirilir. Qəbul siyahısında yeni ixtisaslaşmalarla bağlı elə bir dəyişiklik yoxdur. Amma magistratura pilləsinə qəbul aparılacaq ixtisasların sayı və qəbul planı barədə dəqiq məlumat martın sonu-aprelin əvvəlində veriləcək".
Bu il Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının məzmununda bəzi dəyişikliklər edilib. Ötən ilin iyun ayında “İnformatika” üzrə imtahanın məzmununda olan dəyişiklik artıq elan edilib və bu ildən həmin dəyişikliklər tətbiq olunacaq: "Bu ildən “İnformatika” üzrə qəbul imtahanlarında “Windows” əməliyyat sisteminin 7-ci versiyası və “Office” proqramlarının 2013-cü il versiyası üzrə qəbul aparılacaq. Bu, informatika üzrə builki imtahanın məzmununda olan dəyişikliklərdir. Hələ iyun ayından TQDK-nın saytında yerləşdirilib və həmin proqram “Magistr” jurnalının 1-ci sayında çap edilib".
N. Əliyev deyib ki, ümumilikdə magistraturaya keçən ilki qəbul qaydaları olduğu kimi qalıb və bu il hər hansı dəyişiklik yoxdur. Şöbə müdiri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Mili Elmlər Akademiyası (AMEA) institutlarının magistratura pilləsinə qəbul imtahanının keçirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib ki, akademiya tərəfindən müraciətlər artıq müvafiq icra hakimiyyəti orqanlarına göndərilib. İşlər fevralın sonuna kimi yekunlaşsa, bu il AMEA-nın magistratura pilləsinə qəbul aparmaq mümkün olacaq.