Rəsmi qurumlardan qar və şaxta XƏBƏRDARLIĞI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edib. 

 

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan başlayaraq, hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar və qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

 

Azərbaycan yol polisi qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sürücülər və avtomobil sahibləri yaxın günlərdə Azərbaycanda havaların qarlı, şaxtalı keçəcəyini nəzərə alaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirməlidirlər.

 

Kamran Əliyev sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadəni və ümilikdə şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edib.

Müəllif | Apa.Tv