Cəlilabadda mağaza yarılıb
Cəlilabadda oğurluq edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Qarazəncir kəndində Niyaz Bayramova məxsus ərzaq mağazasında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər ticarət obyektinin qapısının şüşəsini sındırmaqla içəri daxil olublar. Oğrular kassadan nağd pul, müxtəlif növ siqaret və ərzaq məhsulları aparmaqla mağaza sahibinə ümumilikdə 1000 manatadək ziyan vurublar. Sahibkar evə gec saatlarda getdiyini deyib: "Gecə saat ikiyə qədər burda olmuşam. Sonra evə gedib yatmışam. Pəncərəni sındırıb, cəftəni arxadan burublar". Mağaza sahibinin müraciətindən sonra polis hadisə yerinə gələrək baxış keçirib.
Hazırda Cəlilabad rayon Polis Şöbəsində oğurluq faktını törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.