Əli Həsənov: "Beynəlxalq təşkilatların "Kəlbəcər girovları" ilə bağlı cavabları açıqlanacaq"

“Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata rəsmi müraciət göndərmişik. Dünyada elə bir mühüm beynəlxalq təşkilat qalmayıb ki, Azərbaycan hökuməti adından ora müraciət göndərməyim”.

 

APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Əli Həsənov artıq bütün beynəlxalq təşkilatlardan müraciətlərə rəsmi cavab gəldiyini bildirib: “Mən həmin cavabları ictimaiyyətə açıqlamırdım, gözləyirdim ki, hamısından cavab gəlsin. Həmin cavabların içərisində beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər, bəzilərində isə məsələyə müsbət yanaşmalar var. Bəzi təşkilatlar məsələyə formal, bürokratik şəkildə yanaşıb, bəzi təşkilatlar baş verənlərə görə üzr istəyib, bəziləri isə məsələyə obyektiv yanaşaraq ermənilərin bu əməllərini həqiqətən də pisləyərək, qanunsuz hesab etdiklərini bildirib. Ermənilərin bu hərəkətini beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirənlər də var".

 

Həmin cavabları bu günlərdə mətbuata açıqlayacağını deyən komitə sədri bildirdi ki, bundan sonra ictimaiyyət beynəlxalq təşkilatların nə işlə məşğul olduqlarını görəcək: "Mən həmişə deyirəm ki, əksər beynəlxalq təşkilatlar bəzi dövlətlər tərəfindən yaradılıb ki, öz işini rahat şəkildə görsün. Təəssüflər olsun. Həmin təşkilatlar bizim girovlarla bağlı məsələyə biganə yanaşırlarsa, ən yaxşı halda üzr istəyirlərsə, onda belə təşkilatlar kimə lazımdır? Beynəlxaq təşkilatların hər birinin vəzifəsi var və onu icra etməlidilər. Təəsüflər olsun ki, onlar həmin vəzifələri ya icra etmir, ya da icra edə bilmirlər”.

 

Əli Həsənov onu da qeyd edib ki, ölkə rəhbərliyi əsir və girovluqda olan şəxslərin azad edilməsi məsələsini daim diqqətdə saxlayır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov