Bakı dairəvi yolunda qəza olub, 2 nəfər xəsarət alıb

Dünən axşam saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Elçin Əsədovun idarə etdiyi "Mercedes" və Süleyman Hacıyevin idarə etdiyi "Lada" markalı avtomobillər toqquşub. "Mercedes" markalı avtomobil yolun qadağan olunmuş hissəsindən dönmək istəyib, bu zaman arxadan gələn "Lada" ona çırpılıb. Qəza nəticəsində "Lada"nın sürücüsü ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. " Mercedes"in sürücüsü isə yüngül xəsarət alıb.

 

Hadisədən sonra əraziyə yol polisi əməkdaşları cəlb edilib. Yolda tıxac yaranıb.

 

Qəzaya uğrayan maşınlar evakuasiya edilib və cərimə meydançasına qoyulub. Bundan sonra yolda avtomobillərin hərəkəti tədricən qaydaya düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv