Qırmızı işıqda keçən "Nissan" qəza törətdi

Ötən gecə Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Mətbuat prospektində qeydə alınıb.

 

Akif Məmmədovun idarə etdiyi "Mercedes" və sürücüsü hələlik məlum olmayan "Nissan" markalı avtomobillər toqquşub. "Mercedes" Mətbuat prospekti ilə hərəkətdə olub. "Nissan"ın sürücüsü isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsində işıqforun qirmızı işığına məhəl qoymayıb və "Mercedes"in qarşısına çıxıb. Toqquşma nəticəsində hər iki sürücü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası sürücülərə ilkin tibbi yardım göstərib, xəsarətləri daha ciddi olan "Mercedes"in sürücüsü Akif Məmmədov xəstəxanaya aparılıb.

 

Kliniki Tibbi Mərkəzin həkimi Muxtar Əzizovun sözlərinə görə, sürücüdə kəllə-beyin travması aşkarlansa da, o, stasionar müalicədən imtina edib. Vəziyyəti kafi olan Akif Məmmədov öz təkidi ilə evə buraxılıb.

 

Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Qəzaya hüquqi qiymət ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxıldıqdan və avtotexniki ekspertizanın rəyindən sonra veriləcək.

 

Müəllif | Apa.Tv