“Nizami” metrostansiyasında eskalator 1 aylıq bağlanır
Metronun “Nizami” stansiyasında eskalator təmirə dayandırılır. Bunu APA TV-yə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır. Bununla bağlı bütün hazırlıqlar görülüb. Bir ay müddətinə təmir işləri aparılacaq eskalatorun bütün hissələri söküləcək.
Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.