SOCAR İstanbulda 75 milyon dollara bina alıb - RƏSMİ

"SOCAR Türkiyə" şirkətlərini vahid mərkəzdə toplamaq məqsədi ilə yanvarın 6-da İstanbulun yeni yaşayış və iş mərkəzi "Vadistanbul"da sahəsi 19 min kvadratmetr olan bir blokun satın alınması haqqında müqavilə imzalayıb.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, sənədə əsasən, yeni bina 2016-cı ilin martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR Türkiyə” özünün yeni mərkəzinə köçəcək.

 

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz imzalanma mərasimində deyib ki, Türkiyədə 20 mlrd. dollarlıq investisiya portfelini idarə edən və sürətlə böyüyən şirkətin ehtiyaclarını təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən onlar yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət ediblər.

 

“SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan binanı “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 mln. dollara satın alıb.

Müəllif | Apa.Tv
Apa.tv