Əfqanıstanda həlak olanların ailələrinə prezident təqaüdünün təyin olunmasına başlanılıb
Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailələrinə Prezident təqaüdü təyin olunur. Bu barədə APA TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Əhalinin sosial müdafiəsi mərkəzləri qeyd olunan hərbi qulluqçuların ailə üzvlərinin müraciətləri əsasında onlara Prezident təqaüdünün təyin olunmasına başlayıb.
Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir və onların sayına bərabər bölünməklə ödənilir. Respublikadan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən banklarda açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülə bilər.
Təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər.