Rövşən Lənkəranski İrəvanda "qanuni oğru" adından məhrum edilib
Yeni il qabağı Rusiya paytaxtında keçiriləcəyi planlaşdırılan "qanuni oğrular"ın geniş məclisi Ermənistanda baş tutub. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, kriminal avtoritetlər Moskvada toplanmağın təhlükəli olduğundan İrəvanı seçiblər. Onları İrəvana erməni "oğru" Artyom Arutunyanın dəvət etdiyi deyilir. Ermənistan paytaxtında keçirilən toplantıya kriminal aləmin "generalları" - "Robinzon" ləqəbli Robi Arabuli, "Taxi" ləqəbli Georqi Uqlava, "Dato" təxəllüsü ilə məşhur olan David Sebiskveradze, öz adı ilə tanınan Vaja Biqanişvili, "Sopotiya" ayamalı Amiran Sopromidze, "Şişkan" - Oleq Şişkanov, rus mafiyasının başçısı - "Şakro Molodoy" kimi ad çıxaran Zaxariy Kalaşov, "Apakela" ləqəbli Boris Akapiya, həmçinin azərbaycanlı "Kor Hüseyn" - Hüseyn Əhmədov və digərləri qatılıblar. Dünyanın ayrı-ayrı ölkələrində yaşayan 100-dən artıq "qanuni oğru" məsləhətləşmələr aparıblar. "Şakro Molodoy" " son 6-7 ildə bəzi şəxslərə "qanuni oğru" adının verilməsində səhvlərə yol verildiyini deyib. Onun bu sözü ilə razılaşnların sayı çox olub. Kriminal məclis bu qərara gəlib ki, 2008-ci ildən bu tərəfə "tac qoyulan" şəxslərin əksəriyyəti əslində "qanuni oğru" adına tam layiq deyillər. Onlar daha çox bu adı daşımağa cəhd edənlərdir. Ən maraqlı qərar isə sonda verilib. Məclis "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyev və "Cemo" adı ilə tanınan Cemal Mikeladzeni "qanuni oğru" titulundan məhrum edib. Digər iki nəfərin - "Merab Suxumski" kimi ad çıxaran Merab Canqveladze və "Taro" ayamalı Tariel Oninaninin titul taleyinə onlar həbsdən çıxdıqdan sonra aydınlıq gətiriləcək.