Moskvada yaşayan azərbaycanlı ailə körpə övladları ilə birlikdə Suriyaya gedib

Rusiya paytaxtında yaşayan azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya yollanıb. Bu barədə APA TV-nin Moskva müxbirinə dekabrın 31-dən itkin düşən Azərbaycan vətəndaşı Türkan Hüseynovanın əmisi Cavanşir Hüseynov bildirib. Onun sözlərinə görə, 1993-cü il təvəllüdlü Hüseynova Türkan Fərhad qızı həyat yoldaşı, Rusiya vətəndaşı Hacımurad Həmidov və ailənin 1 yaşlı övladı Səfiya Həmidova ilə ötən ilin son günü evdən çıxıb, bir daha geri qayıtmayıb. Bu müddətdə iki dəfə ailələri ilə “Skype” vasitəsi ilə əlaqə saxlayıblar. Türkan iz azdırmaq üçün bacısına Türkiyənin Antalya şəhərində olduqlarını söyləyib.

Cavanşir Hüseynov onların Moskvadan Ankaraya təyyarə ilə uçduqlarını, daha sonra isə İstanbula getdiklərini bildirib. Türkan Hüseynovanın atası İstanbulda Azərbaycan Baş Konsulluğunun əməkdaşları ilə də görüşüb. Ona bildiriblər ki, Türkangil Türkiyə sərhəd xidməti tərəfindən Ankara aeroportunda qeydə alınıblar. Daha sonra isə İstanbula uçublar. İstanbulda onların ev tutduğu da məlum olub. Bacısı Yeganə ilə “Skyp”da danışan Türkan Suriyaya gedəcəklərini bildirdikdə aralarında  mübahisə yaşanıb. Türkan dərhal “Skype”-ı söndürüb, digər sosial şəbəkədəki hesablarını da bağlayıb.

 

Dağıstan sakini olan Hacımurad Həmidov azərbaycanlıdır. 

Müəllif | Apa.Tv
Fərid Əkbərov