Ermənilər Ağdamı atəş altında saxlayır, bir kənddə dərslər dayandırılıb

Ermənilər Ağdamda yaşayış evlərini və minik maşınlarını atəşə tutmaqda davam edirlər. Düşən ordusu Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindən rayonun Mirəşelli kəndini atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli sayda güllə dəyib. APA TV-nin xəbərinə görə, son bir həftə ərzində erməni hərbçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minatanlardan atəşə tutub.

 

Mirəşelli kənd sakini Hüseyn Quliyev bildirib ki, avtomobili atəşə məruz qalsa da, xoşbəxtlikdən özü xəsarət almayıb.

 

Düşmən qonşu Orta Qışlaq kəndini də müxtəlif silahlardan atəşə tutub.  Yerli sakinlər arasında yaralanan olmasa da, yaranan gərginlik insanların həyatına daim təhlükə törədir.

 

Atəşkəsin pozulması Orta Qərvənd kənd məktəbində dərslərin yarımçıq qalmasına səbəb olub. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmənin bütün atəş nöqtələri susdurulub.

 

Müəllif | Apa.Tv