Moskvada itkin düşən azərbaycanlı qızın son görüntüləri tapılıb

Ötən il dekabrın 26-da Moskvada itkin düşən 17 yaşlı Qumru Əhmədovadan indiyədək heç bir xəbər almaq mümkün olmayıb. Moskva vilayətinin Dolqoprudnıy rayonu sakininin axtarışları davam etdirilir. APA TV-nin Moskva müxbiri Qumru Əhmədovanın sonucu dəfə olduğu ünvana baş çəkib.

 

Həmin rayonda yerləşən orta məktəbin 11-ci sinif şagirdi olan Qumru sinif yoldaşları ilə həmin ünvanda dərs ilin ikinci rübünün bitməsini qeyd ediblər. Bu, Qumrunun sinif yoldaşları ilə birgə ilk məclisi olub.

 

Yeniyetmənin atasının dostu Namus Nağıyev onun tərbiyəli və sakit qız olduğunu deyir: "Evin tək qızı idi. Özündən balaca bir qardaşı var. Valideynlərindən icazəsiz heç bir addım atmazdı. Məktəbə gedib, evə gələrdi. Dolqopridnıy rayonundakı Azərbaycan diasporunun gənc fəalları, hüquq-mühafizə orqanları Qumrunun axtarışını davam etdirirlər".

 

Namus Nağıyev Qumru Əhmədovanın axırıncı dəfə sinif yoldaşları ilə birgə yığışdığı ünvanda göründüyünü söyləyir. Qumru sinif yoldaşının evindən çıxan zaman qarşıdakı marketin müşahidə kamerasına düşüb. Lakin kamera onu avtomobil qarajlarının yanına qədər izləyə bilib: "Dekabrın 26-da anasının zəngindən sonra sinif yoldaşının yaşadığı mənzildən çıxıb. Təxminən saat 16:00 radələrində telefonda anası ilə danışıb. 16:11-də isə "Vkontakte" sosial şəbəkəsində sinif yoldaşları ilə yazışmaları olub. Sosial şəbəkədə rəfiqələri ilə yazışmaları Qumrudan gələn son siqnal olub. Bu vaxtdan sonra isə Qumrunun telefonuna zəng çatmayıb".

 

Qumru Mirsaleh qızı Əhmədovanın itkin düşməsi ilə bağlı araşdırma aparılır. Rusiya Daxili İşlər Nazirliyinin Moskva Vilayəti Dolqoprudnıy Şəhər Əyaləti üzrə Şöbəsindən verilən məlumata görə, onun evlənmək məqsədi ilə qaçırılması versiyası üzərində iş gedir. Lakin istintaq sirri olduğundan bununla bağlı ətraflı məlumat verilmir.

 

Qızın ailəsi isə onun evlənmək məqsədi ilə kiməsə qoşulub qaçmasını və ya qaçırılmasını istisna edir.

 

Müəllif | Apa.Tv
Apa.tv