Ömrünün 40 ilini həbsxanada keçirən Gəncə sakini narkotiklə tutulub

Gəncədə bir neçə ay əvvəl həbsdən çıxan şəhər sakini yenidən tutulub. APA TV-nin məlumatına görə, 55 yaşlı Elçin Əliyev küçədə şübhəli şəxs qismində saxlanılıb. Polislər onun üzərinə baxış keçirən zaman cibində 2 kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

 

Daha sonra Gəncə sakinin evinə baxış keçirilib və oradan da 15 kiloqram marixuana götürülüb.

 

Polis marixuananın texniki qulluq göstərilməklə becərildiyini desə də, saxlanılan Elçin Əliyev narkotik vasitənin yabanı olduğunu və şəxsi istifadə məqsədilə topladığını deyib.

 

Əvvəllərə də dəfələrlə müxtəlif cinayətlərə görə məhkum olunan Elçin Əliyevin şəxsi işində Cinayət Məcəlləsini az qala bütün maddələri var. O, 55 illik ömrünün 40 ilini həbsxanada keçirib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli