Bakıda zəncirvari qəza törədən avtomobil qaz xəttinə çırpılıb

Ötən gecə Nərimanov rayonunda zəncirvari qəza baş verib.  APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Kimliyi məlum olmayan “Hyundai Sonata” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Sürət yüksək olduğu üçün idarəetməni itirən sürücü maşını əvvəlcə “Kia” markalı avtomobilə, daha sonra "Mercedes"ə çırpıb. "Mercedes" də qarşısında dayanan "Niva" markalı avtomobilə arxadan dəyib. Sükana sahib ola bilməyən "Hyundai"ın sürücüsü avtomobili daha sonra yaşayış binasının qarşısında olan qaz xəttinə çırpıb. Baş verən qəzada "Hyundai"ın sürücüsü xəsarət alıb. Qaz xəttində yaranan problemi aradan qaldırmaq üçün hadisə yerinə "Azəriqaz"ın əməkdaşları cəlb olunub. Yararsız vəziyyətə düşmüş avtomobillər ərazidən uzaqlaşdırılıb. Qəzanı törədən sürücüyə hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları ilkin yardım göstərib. Daha sonra o, izahatı alınması üçün Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

 

Müəllif | Apa.Tv