Yasamalda sökülmüş mənzildən yanmış kişi meyiti tapılıb - YENİLƏNİB

Bakıda sökülmüş mənzildə yanmış kişi meyiti aşkarlanıb. APA TV-nin xəbərinə görə, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər burada yaşayış olmayan mənzillərdən birinin hamamında yanan kişi meyiti aşkarlayıblar. Yanan meyit söndürüldükdən sonra dərhal Yasamal rayon Polis İdarəsinin və 26-cı polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Qonşuların APA TV-yə verdiyi məlumata görə, söküntü aparıldığından mənzildə heç kim yaşamır. Elə bu səbəbdən də yanan kişi meyitinin kimliyi məlum deyil. Hadisə yerinə çağırılan evin köhnə sahibləri təxminən 40-45 yaşlarında dolu, orta boylu şəxsin onların yaxın qohumlarına bənzədiyini bildirib. Meyit Yasamal rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda yanmış meyitin tapılması faktı ilə bağlı məlumat yayıb. Məlumata görə,  Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib.

 

Meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mirzağa Əliyev küçəsi 108 ünvanında aşkarlanan yanmış meyitin 1994-cü il təvəllüdlü Kamran Adil oğlu Ağayev olduğu məlum olub. İlkin ehtimala görə, Kamran Ağayev intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv