Fransada növbəti terror aktları: restoran partladıldı, polislər güllələndi

Fransanın şərqində Vilfranş-sür-Son şəhərində partlayış baş verib. Partlayıcı qurğu şəhər məscidinin yanında yerləşən restoranda işə salınıb. APA TV-nin Fransa KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Ərazi nəzarətə götürülüb, hadisənin təfərrüatları açıqlanmır. Şəhər meri Bernard Perutta törədilən partlayış barədə danışıb: "Bu cinayətdir. Mən qorxuram ki, bu hadisə çərşənbə günü baş verənlərin davamı olsun". Bu arada Parisdə  yenə atəş səsləri eşidilib. Avropalıya oxşamayan silahlı şəxs iki polisə atəş açıb. Onların hər ikisi yaralanıb. Əvvəlcə həmin şəxsin yaxalanması barədə xəbər yayılsa da, sonradan ölkənin daxili işlər naziri Bernar Kaznev bunu təkzib edib. Xatırladaq ki, dünən Fransa paytaxtında satirik "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı hücum nəticəsində 12 nəfər öldürülüb. Öldürülənlər jurnalistlər və polis işçiləridir. Səbəb kimi jurnalda islam peyğəmbərinin karikaturalarının yayımlanması göstərilir. Qətliamı törətməkdə şübhəli bilinən iki qardaş Şərif və Səid Kuaşilərin axtarışı davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv