Sorosdan iddialı proqnoz: “Rusiyanı defolt gözləyir”

Amerikalı milyarder Corc Soros Rusiyada iqtisadi böhranın səbəbləri ilə bağlı fikrini bölüşüb. APA-nın məlumatına görə, maliyyəçi bildirib ki, neftin ucuzlaşması və sanksiyalar Rusiyada maliyyə böhranına səbəb olub. Soros bu böhranı 1998-ci ildə yaşanan böhranla eyniləşdirib. 

 

“1998-ci ildə Rusiya öz valyuta ehtiyatlarını tükəndirdi və bir sıra kredit borcları ilə bağlı defolt elan etdi ki, bu da dünya maliyyə sistemində qarışıqlığa səbəb oldu. Bu dəfə rublun dəyəri 50 faiz aşağı düşüb, inflyasiya sürətlənir, faiz dərəcələri isə Rusiya iqtisadiyyatını inkişaf tempini azaldacaq səviyyəyə yüksəlib. Rusiyanın 1998-ci illə müqayisədə ən böyük üstünlüyü böyük miqdarda valyuta ehtiyatlarına sahib olmasıdır”. 
 

Corc Soros bildirib ki, valyuta ehtiyatlarından istifadə edən Rusiya Mərkəzi Bankı rublun dəyərdən düşməsinin qarşını 30 faiz ala bilib və bunun üçün 100 milyard dollar sərf edib. Bundan başqa Moskva Çin Mərkəzi Bankı ilə 24 milyard kredit sazişi barədə razılığa gəlib. Soros qeyd edib ki, Rusiya Mərkəzi Bankının hələlik təxminən 200 milyard dollar ehtiyatı var, böhran isə yeni başlamaqdadır. 
 

Amerikalı milyarder Rusiyanı gözləyən daha bir təhlükəyə toxunub: “Kapital axını problemi ilə üzləşən Moskva üstəlik 2015-ci ildə 120 milyard dollar xarici borc ödəməlidir. 1998-ci ildən fərqli olaraq Rusiyanın borclarının əksər hissəsi özəl sektorun payına düşür, lakin bu maliyyə böhranı dövlət defoltu ilə nəticələnsə, bu, təəccüblü olmayacaq. Lakin defolt amerikalı və avropalı siyasətçilərin gözləntilərinin üzərində bir hadisə olardı”. 

Müəllif | Apa.Tv
Apa.tv