Goranboyda “VAZ 2106” traktora çırpıldı: 1 ölü, 1 yaralı
Bakı-Qazax-Gürcüstan dövlət sərhədi magistralında 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən axşam magistral yolun 326-cı kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb. Gürcüstan Respublikasının vətəndaşı 56 yaşlı Çavuş Cavanşir Rəhim oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə gedən Göygöl rayon sakini Ayaz Həsənovun idarə etdiyi “Belarus MTZ 80” tarktorunun quru ot ilə yüklənmiş qoşqusuna dəyib. Sonra “VAZ” hərəkətdə olan və Gəncə şəhər sakini, 34 yaşlı Hümbətov Anar Nizami oğlunun idarə etdiyi “Subaru” markalı avtomobillə toqquşub və yenidən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, 60 yaşlı Mustafayev Sahib Namaz oğlu ölüb, sürücü Cavanşir Çavuş isə müxtəlif bədən xəsarətləri alaraq, Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.