Güclü qar Bakının küçələrində uzun tıxaclar yaratdı
Ötən axşam Bakının bəzi küçə və prospektlərində qarlı hava şəraiti ilə əlaqədar tıxac yaranıb. APA TV-nin məlumatına görə, ən uzun tıxac Moskva prospektində qeydə alınıb. Prospektin Cavadxan küçəsi ilə kəsişməsindən başlayan tıxac Bakı-Sumqayıt yolunadək davam edib. Moskva prospektində hərəkət sürəti müxtəlif saatlarda 15-20 km/saat arasında dəyişib.
Sumqayıt istiqamətində tıxac gecə təxminən saat 01.30-adək davam edib. Asif Məhərrəmov küçəsində və Abbas Mirzə Şərifzadə küçəsində də tıxac müşahidə olunub.
Bakının yüksəklik ərazilərində yolların buz bağlaması nəqliyyatın hərəkətində problem yaradıb. Babək prospektində, Abbas Fətullayev, General Səməd bəy Mehmandarov, Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Ramiz Quliyev, Sakit Qocayev küçələrində hərəkət sıxlığı qeydə alınıb.
Qeyd edək ki, yağıntılı və şaxtalı hava şəraitinin bu gün də davam edəcəyi gözlənilir.