Bakıda yeni istifadəyə verilmiş tuneldə zəncirvari qəza olub
Qarlı hava şəraiti üzündən ötən gecə Bakının müxtəlif yerlərində yol qəzaları qeydə alınıb. APA TV-nin xəbərinə görə, yol qəzalarının daha çox baş verdiyi yer Ziya Bünyadov prospekti olub. Keçmiş "Xutor dairəsi"ndə yeni istifadəyə verilmiş tunelin Azadlıq prospekti istiqamətində olan çıxışında 4 avtomobil toqquşub. Qarayev Söhmən Vaqif oğlunun idarə etdiyi "BMW" markalı minik maşını sürücünün nəzarətindən çıxıb və zəncirvari şəkildə digər nəqliyyat vasitələri ilə toqquşub. Qəza zamanı Mahmudov Kamal Ələkbər oğlunun idarə etdiyi "Lifan", Ramazanov Azər Zeynalabdin oğlunun idarə etdiyi "VAZ-2171" və sürücüsü məlum olmayan "Toyota" markalı avtomobillər bir-birinə çırpılıb. Hadisə nəticəsində "VAZ-2171" markalı avtomobilin sürücüsü Azər Ramazanov sifət nahiyəsindən xəsarət alıb.
Yol polisi əməkdaşlarının apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, hadisə "BMW" markalı avtomaşını idarə edən Söhmən Qarayevin hava şəraitini nəzərə almaması səbəbindən baş verib. Tunellə hərəkət edən sürücü tunelin içərisində asfalt örtüyünün quru olması səbəbindən avtomobilin sürətini artırıb. Tuneldən çıxan zaman isə quru asfaltı buzlu yol əvəz etdiyindən, maşın sürüşüb və qəza törədib.
Bu qəzadan bir qədər sonra eyni ərazidə daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə "Dodge" markalı avtomobil sürətin düzgün seçilməməsi səbəbindən qarşıda hərəkət edən "Mersedes" markalı maşına çırpılıb. Bu qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Polis hər iki yol qəzası ilə bağlı araşdırma aparır.