Boko Haram terrorçuları bir şəhəri yandırıblar: 2 min ölü
Radikal islamçı Boko Haram təşkilatının Nigeriyanın şimal-şərqindəki Baqa şəhərinə hücumu nəticəsində 2 min adamın öldürüldüyü bildirilir. BBC-yə danışan Baqa yerli icra nümayəndəsi Musa Alhacı Bukar terrorçuların çərşənbə günü bütün şəhəri yandırdığını, minlərlə insanın öldüyünü bildirib.
Boko Haram terrorçuları ötən şənbə günü də şəhərə hücum edərək hərbi hissədəki əsgərləri qaçmağa məcbur etmişdi. Bukar küçələrin cəsədlərlə dolu olduğunu və şəhərdən qaçan sakinlərin cənazələrini götürmək üçün geri dönə bilmədiklərini deyib.
10 min əhalisi olan Baqa şəhərində hazırda bir nəfər də mülki şəxsin olmadığı qeyd olunur. Şəhərdən qaçan minlərlə şəxs Borno vilayətinin paytaxtı Maiduquriyə yerləşib.
Boko Haramdan qaçaraq Çada getməyə çalışanlar da olub, ancaq xeyli insan Çad çayını keçərkən boğularaq ölüb.
APA TV-nin xəbərinə görə, Bukar terrorçuların Baqa ətrafındakı 16 yaşayış məntəqəsini ələ keçirdiyini deyib.
Baqa şəhəri Boko Harama qarşı mübarizə üçün strateji önəmə malikdir. Nigeriya, Çad və Nigerin yaratdığı hərbi koalisiya birlikləri burada yerləşir. Ancaq hücumun başladığı vaxt bölgədə sadəcə Nigeriya qoşunlarının olduğu təxmin edilir.