Yol Polisi: Ölkənin bütün avtomobil yolları nəqliyyatın hərəkətinə açıqdır
Ötən gün ölkə ərazisində 15 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Bu barədə APA TV-yə Baş Dövlət Yol Polisi İdarəsi ictimai qurumlarla əlaqə şöbəsinin şöbəsinin rəisi Kamran Əliyev bildirib: "Qəzalardan 4-ü Bakı şəhərində baş verib. Bakıda baş verən qəzalarda ölüm halı qeydə alınmayıb, 6 nəfər xəsarət alıb. Respublikanın ayrı-ayrı yollarında Yevlax və Biləsuvarda hər birində bir qəza olub, Biləsuvarda toqquşma nəticəsində 1 nəfər həlak olub, iki nəfər isə yaralanıb".
Yollarda hazırkı vaxta olan vəziyyətə gəlincə, Kamran Əliyev bildirib ki, Bakı-Şamaxı yolunda qar yağmır, yollar açıqdır. Muğanlı-İsmayıllı yolunda da yol təmizdir, bəzi hissələrdə külək qarı yolun mərkəzi hissəsinə sovurur: "Ağsu aşırımında hazırda qar yağır. Lakin yollar təmizdir, nəqliyyatın normal hərəkəti var. İntensivlik azdır. Bakı-Quba yolunun Ceyranbatana qədər olan hissəsinə qum tökülüb. Siyəzən, Dəvəçi, Quba istiqamətində yolun müəyyən hissələrində buzlaşma var, lakin qeyd edilən istiqamətdə müvafiq qurumlar yolu qardan təmizləyir. Bakı-Qazax yolunda Sahil qəsəbəsinə qədər yollara duz və qum səpilib, Sahil qəsəbəsindən Qazaxa qədər isə qar yağmır və nəqliyyatın hərəkətində heç bir problem yoxdur. Ələt-Astara yolunda Salyana qədər heç bir problem yoxdur və Masallı-Astara istiqamətində qar yağır. Buna baxmayaraq, müvafiq qurumlar yolu qardan təmizləyir".
Kamran Əliyevin sözlərinə görə yollarda qar intensiv təmizlənir və demək olar ki, respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti var. Şöbə rəisi bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən saz olan sürücülərin yola çıxmasını tövsiyə edib.
Bakı yol polisi paytaxtın bütün inzibati ərazisi üzrə səfərbər edilərək hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.