Yolların buz bağlaması səbəbindən İran-Naxçıvan avtobus reysi baş tutmayıb
"İran İslam Respublikasından Naxçıvana gələn beynəlxalq sərnişin avtobusu Naxçıvana gələ bilməyib. Buna səbəb yolların qar və buz olmasıdır".
Bunu APA TV-yə açıqlamasında Bakı Beynəlxalq Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib. Onun sözlərinə görə, ölkə daxili marşrutlarda hər hansı ciddi problem yaranmayıb. Bakı-Kürdəmir-Qazax yolu avtomobillər üçün açıq olsa da, Bakı Muğanlı-Şamaxı yolunda gediş-gəliş məhdudlaşdırılıb. Hazırda Şamaxıya gedən marşrut avtobusları təkərlərinə zəncir vurmaqla yolu qət edir. Ağsu-İsmayıllı-Qəbələ istiqamətində hərəkət edən avtobuslar isə Bakı-Kürdəmir yolundan istifadə etməklə mənzil başına yetişir.
Şimal istiqamətində də yolların qardan təmizləndiyini deyən Beynəlxalq Avtovağzal rəsmisi deyir ki, avtobusların qrafikində gecikmə halları olsa da, marşrutların yolda qalması müşahidə edilməyib. Ümumilikdə havaların qarlı keçməsi ilə əlaqədar olaraq avtovağzallarda sərnişin azlığı var.
Havanın qəflətən soyuması ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejiminə keçib. Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır: "Sərnişin Daşımaları Departamenti reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sisteminin normal işləməsini diqqətdə saxlayır".
Nadir Əzməmmədovun sözlərinə görə, bəzi qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.
“Qarla hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev beynəlxalq hava limanı təyyarələrin qəbuluna və yola salınmasında heç bir problem yoxdur”.
Bunu APA TV-yə AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, qarın daha çox yağdığı Türkiyədən gələn təyyarə reysləri vaxtında Bakıya çatıb. Eyni zamanda Bakıdan yola salınan reyslərdə də gecikmə müşahidə edilməyib.