Bakı qışa tam hazırdır - RƏSMİ

"“Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində havaların kəskin pisləşməsi ilə əlaqədar bütün texniki tənzimləmə işləri görülüb, mövsümə tam hazırdır".

 

Bunu APA TV-yə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əvəzi İbrahim Kərbəlayev bildirib. Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində qaz təsərrüfatında xeyli işlər görülüb, köhnə boruların yenisi ilə əvəz olunması, istismara yararsız xətlərin dəyişdirilməsi, bir sıra qaz verilməyən kəndlərin qazla təmin edilməsi xüsusilə diqqət mərkəzindədir: “Havaların isti və ya şaxtalı keçməsindən asılı olmayaraq, mənzillərə tələbata uyğun təbii qazın verilişi təmin olunacaq. “Azəriqaz” İstehsalat Birliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu gün əhaliyə 2 milyon 514 min kub metr artıq qaz verir. Qurumun qaynar xəttinə heç bir zəng daxil olmayıb. Yalnız sayğacların kodadüşmə halları ilə bağlı zənglər daxil olub ki, bunlar da yerli qaz istismar sahələri tərəfindən aradan qaldırılıb”.

 

"Havanın kəskin dəyişməsi və qar yağması Bakı Elektrik Şəbəkədə heç bir problem yaratmayıb".

 

Bunu "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib: "Hazırda elektrik enerjisinin təchizatı normaldır. Əməkdaşlarımız növbətçilik sistemi üzrə fəaliyyətlərini davam etdirirlər. Harada problem yaranarsa abonentlərimizdən xahiş edirik 199 saylı qəza xidmətinə müraciət etsin. İstənilən maşın və mexanizmlərimiz və avadanlığımız kifayət qədərdir. Əgər hər hansı qəza baş verərsə operativ qrupumuz onun aradan qaldırılmasına əməkdaşlarımız hazırdır. Həm Bakının mərkəzində, həm də ətraf kənd və qəsəbələrdə normal enerji təchizatı var".

 

"Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə bildirib ki, bütün qazanxanalar gücləndirilmiş iş rejimində işləyir. "540 qazanxana 102 istilik məntəqəsi tam rejimdə çalışır. Bu gecə heç bir qazanxanada fasilə olmayıb. Bütün yaşayış binaları, məktəblər və bağçalar istiliklə  tam təmin edilib. Ciddi fəsadlar olmayıb. Amma müraciətlər var. Vətəndaşlar binalardakı bəzi bloklarda istilik verilməsində qısa da olsa fasilə yarandığını bildiriblər. Gücləndirilmiş rejimdə çalışırıq, əlavə texnikalar da ayrılıb. İşçilərin sayı da çoxaldılıb".

 

Rafiq Əliyev bildirib ki, “Azəristiliktəchizat” ASC son zamanlar normal rejimdə işləyir və qurumun fəaliyyətində problem yoxdur.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı