Yaponiya neftin ucuzlaşmasından 58 milyard dollar gəlir əldə edəcək
Dünya bazarında neftin qiymətinin ucuzlaşması Yaponiya büdcəsinə 58,3 milyard dollar əlavə gəlir gətirmiş olacaq. APA TV-nin məlumatına görə, ölkənin iqtisadiyyatın bərpası naziri Akiru Amari bildirib ki, neftin qiymətinin ucuzlaşması hökumətə xərcləri əhəmiyyətli şəkildə azaltmağa imkan verəcək. Nazir bildirib ki, dünya neft bazarında mövcud durum hasilatçı ölkələrin durumuna neqativ, inkişaf etmiş ölkələrin durumuna isə pozitiv təsir edir. Yaponiya hökuməti ötən ilin sonunda neftin ucuzlaşmasında əldə olunacaq əlavə gəlirin 33,6 milyard dollar olacağını proqnozlaşdırmışdı. Lakin yanvarın ilk günlərindən başlayaraq qiymətlərin daha da aşağı düşməsi hökumətin proqnozlara yenidən baxmağa məcbur edib. Yaponiya enerji resurslarının 90 faizini xaricdən idxal edir. Qeyd edək ki, bu gün dünya bazarında WTI markalı neftin bir bareli 49,34, Brent markalı neftin bir bareli isə 51,43 dollardan satılır.