Komitə sədri Hacıqabulda qəbul keçirib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Hacıqabul rayonunda vətəndaşların qəbulunu keçirib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, qəbulda Şirvan şəhərinin, Salyan və Neftçala rayonlarının vətəndaşları iştirak edib.
Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər edib.
Müraciətlərdə qaldırılan məsələlərin həlli məqsədi ilə komitənin aidiyyəti rayon və şəhər şöbələrinə tapşırıqlar verilib.