Buz bağlayan yollar, uşaqların qartopu sevinci... - Bakıdan qar mənzərələri

Yanvarın 8-dən etibarən Bakıya, eləcə də respublikanın müxtəlif ərazilərinə qar yağıb. APA TV-nin xəbərinə görə, çovğunla müşahidə olunan qar səhərəcən davam edib.

 

Gecə paytaxın bəzi yollarında donmalar müşahidə olunub. Ancaq bütün yollarda nəqliyyatın hərəkəti davam edir. Gecəyə doğru şaxta olacağı və yolların buz bağlayacağı ehtimalı var. Odur ki, sürücülərə ehtiyyatlı olmaq tövsiyyə edilir.

 

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yollarda qar intensiv təmizlənir və respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti var.

 

Qarın yağmasına ən çox sevinən uşaqlardır. Böyüklərdən fərqli olaraq, onlar heç bir problem düşünmədən qar topu oynamaqla qarın sevincini yaşayırlar.

 

Hava soyuq olmasına baxmayaraq, açıq havada gəzməyə üstünlük verən ailələr də az deyil.

 

Qeyd edək ki, meteoroloqların proqnozuna görə, yanvarın 10-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

 

Müəllif | Apa.Tv