Fələstin səfiri: "Fransadakı hadisələrin İslam dini ilə əlaqəsi yoxdur"

"Əminəm ki, insanlar Fransadakı hadisənin İslam dini və ya müsəlmanlıqla əlaqəsi olmadığını anlayacaq. Bu hadisə cinayətkar radikallar tərəfindən törədilib. Onların törətdiyi dəhşətli cinayət İslam dininin bütün prinsiplərinin əksinədir".

 

Bu sözləri APA TV-yə Fələstinin Azərbaycandakı səfiri Nasir Abdulkərim deyib. Parisdə Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunu şərh edən diplomat bildirib ki, belə bir cinayət xristianlar, yəhudilər, buddistlər tərəfindən də törədilə bilər: "Bu əməl dini təmsil etmir, çünki bütün dinlər ləyaqət prinsipinə əsaslanır, xüsusilə İslam. Təbii  ki, belə bir hadisə qınanacaq, insanlar düşünəndə ki, bu vəhşilikləri müsəlmanlar törədib, onların fikirləri qarışacaq".

 

Səfir ümid edir ki, Avropa liderləri öz cəmiyyətlərində yaşayan müsəlmanlara qarşı nifrət yaranmasına imkan verməyəcəklər: "Ekstremistlər və ifrat sağ qüvvələr buna çağırış edirlər. Bu qüvvələrin ideyalarının yayılmasına imkan verilməməlidir. Burada mən Avropa liderlərinin məsuliyyətindən danışıram, onlar ekstremist və rasistlərin cəmiyyətin müxtəlif təbəqələri arasında sosial münaqişə yaratmasına imkan verməməlidir".

 

Qeyd edək ki, bu gün Parisdə baş vermiş terror aktı nəticəsində 12 nəfərin ölümü ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb. Başsağlığı diləmək istəyən şəxslər yanvarın 9-da saat 09.00-dan 18.00-a kimi səfirliyə gedə bilərlər.

 

Müəllif | Apa.Tv
Apa.tv