Bayılda istinad divarının uçması təhlükəsi yaranıb
Bakı və Abşeron yarımadasına yağan qarın əriməsi nəticəsində Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanındakı istinad divarının beton bloklarında qabarma və çatlar əmələ gəlib. APA TV-nin məlumatına görə, Buxta küçəsində hündürlüyü 7 metrə yaxın istinad divarı uçquna məruz qalıb. Ondan 3 metr aralıdakı fərdi yaşayış evləri üçün ciddi təhlükə yaranıb. Həmin ərazidə məcburi köçkünlər məskunlaşıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Buxta küçəsi yüksək maililiyə malik yamacda yerləşir. Pilləvari küçələrdən ibarət olan ərazidə terraslaşma işləri həyata keçirilib. Həmin terraslaşma işlərindən sonra istinad divarlarının və bir-birinə yaxın fərdi yaşayış evlərinin inşası həyata keçirilib. Nazirliyin məlumatında qeyd olunur ki, fərdi yaşayış evləri uçqun sahəsindən bir neçə metr kənarda yerləşir ki, bu da çox təhlükəlidir.
Qeyd edək ki, ötən illər ərzində adıçəkilən ərazidə bir neçə dəfə uçqun baş verib.