Şirvanda gənclərdən ibarət oğru dəstə yaxalanıb

Şirvan şəhərində 4 nəfərdən ibarət oğru dəstə yaxalanıb. Şəhər Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar 2-də Şirvan sakini, sahibkarlıqla məşğul olan Laçın Muradova məxsus Xəqani küçəsi 322 ünvanında yerləşən evdən ümumi dəyəri 2500 manat olan 110 cüt kişi və 30 cüt uşaq ayaqqabısı oğurlayan dəstənin üzvləri tutulub. Həmin şəxslərin Şirvan şəhər sakinləri 1993-cü il təvəllüdlü Zaur Mahir oğlu İbrahimov, 1997-ci il təvəllüdlü Orxan Vahid oğlu Hüseynov, Orxan Əfrayıl oğlu Nuruzadə və Əvəzağa Cəllağa oğlu Həşimov olduğu müəyyən edilib. Aparılan araşdırmalar nəticəsində o da aydın olub ki, həmin şəxslər daha sonra Şirvan sakini Bağırov Səməd Həmid oğluna məxsus “VAZ-2106” markalı, 11 BS 321 dövlət nömrə nişanlı avtomobili də oğurlayaraq Kürdəmir şəhərində Xətai adlı şəxsə 500 manata satıblar.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı