Qaxda ana və körpə ölümü baş verib
Qax rayonunda ana və körpə ölümü baş verib. Ölən ananın yaxınları APA TV -nın yerli bürosuna bildiriblər ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva doğuşdan sonra Mərkəzi Rayon Xəstəxanasında ölüb. Xəstəxanadan APA TV-yə bildirilib ki, üçüncü hamiləliyi olan Q. Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, o, 7 aylıq hamilədir və körpənin ana bətnində hərəkəti olmayıb. Bu gün saat 09.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib.
Xəstəxanadan o da bildirilib ki, Qızbəs Ağayevanın tromboemboliya xəstəliyi olub, ölümün səbəbi də məhz bu xəstəlikdir.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.