Azərbaycan prezidenti: “Ermənistan münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb”

“Ermənistan 2014-cü ildə də imitasiya taktikasına üstünlük verib və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb”.

APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasındakı çıxışında deyib. Prezident bildirib ki, Ermənistanın ötən il bir neçə dəfə açıq təxribatlara əl atıb, lakin, bu cəhdlərin qarşısı ordumuz tərəfindən uğurla alınıb, düşmən böyük itki verib: "2015 -ci ildə biz ordu patensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər vəsait ayrılıb. Təkcə ona demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümümi  büdcəsindən 2 dəfədən artıqdır. Bu sahədə nizam intizam artır, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güçü dövlətə çevrilirik. Ermənistan isə getdikcə zəifləyir. Və bu qaçılmaz bir prosesdir. Hesab edirik ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Bir daha demək istəyirəm ki, 2014 -cü ilin sonu -2015-ci il bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə dünyada baş verən böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz".

 

Keçən il ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını qeyd edən dövlət başçısı 2014-cü ildə inflyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını söyləyib.

 

Prezident bildirib ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub, onun da 16 milyard dolları daxili sərmayələrdir. Manatın məzənnəsi sabitdir, valyuta ehtiyatı isə artaraq 50 milyard dolları keçib.

 

2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisəsinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən dövlət başçısı bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirib.

Prezident İlham Əliyev düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını bildirərək, 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, “ASAN xidmət”in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğulayıb.

 

O, ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu deyib, ölkəmizin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürütdüyünü bildirib. Dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən prezident qeyd edib ki, ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz.

 

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ildə əldə olunan sosial-iqtisadi nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ediblər.

 

"2014-cü ildə müşahidə olunan proseslər göstərir ki, bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq” - deyən prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə edib. Dövlət başçısı deyib ki, düşünülmüş iqtisadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir. Prezident İlham Əliyev 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanmasının əhəmiyyətinə toxunaraq, bildirib ki, sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır. Ölkə üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyəti ilə seçilən layihələrin icrasının davam etdiriləcəyini deyən dövlət başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafa yönəldilməsi, ekoloji məsələlərin həlli, nəqliyyat layihələrinin icrasının davam etdirilməsi ilə bağlı fikirlərini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin artıq başa çatdırıldığını, hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu layihələr icra olunduğunu deyən prezident ötən il “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasını tarixi hadisə adlandırıb. Qeyd edib ki, XXI əsrin layihəsi olan “Cənub” qaz dəhlizinin icrası ölkəmizin inkişafında mühüm mərhələ olacaq.

 

Dövlət başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini bildirib.

 

“Avropa Oyunlarının standartları Bakıda müəyyən olunacaq”, - deyən prezident qeyd edib ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir.

Müəllif | Apa.Tv