Cəlilabadda maşın ağaca çırpıldı: 4 yaralı
Cəlilabadda dörd nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini, 51 yaşlı Əhmanəli Mirzəyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbədən avtomobilin sürücüsü və sərnişinlər, Astara rayon sakinləri, 40 yaşlı Yaqublu Baxşıyev, 57 yaşlı Həsənağa Həsənov və Masallı rayon sakini, 57 yaşlı Sübhan Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Burada xəstələrə müvafiq ilkin tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Digər iki xəstə isə ambulator müalicəyə buraxılıb. İlkin versiya kimi qəzanın yolun buz bağlaması səbəbindən baş verdiyi göstərilir. Faktla bağlı araşdırma aparılır.