Parisdə terror qurbanları yad edilir
Parisin “Vensen qapısı” məhəlləsində anım mərasimi təşkil olunub. APA TV-nin Parisə ezam edilmiş əməkdaşının verdiyi məlumata görə, hazırda “Yəhudi məhəlləsi” adlandırılan bu məhəllədə terrorçu Ahmet Kulibalinin adamları girov götürdüyü və 4 girovu qətlə yetirdiyi mağazanın qarşısında anım mərasimi keçirilir. Ərazi polis nəzarətindədir. Mağazanın içərisində polis təhqiqatı davam edir.
Parisdə hazırda çoxlu sayda beynəlxalq media qurumunun nümayəndəsi var. Onlar da hadisə yerinin qarşısında müşahidələr aparırlar. Ərazidə həmçinin terror qurbanlarının yaxınları ilə yanaşı Parisin və Fransanın digər yerlərindən gələnlər toplaşıb.
İlk terror hücumunun baş verdiyi “Charlie Hebdo” jurnalının redaksiyasının yerləşdiyi küçə də polis nəzarətindədir. Ərazidə hərəkət qismən məhdudlaşdırılıb.
Jurnalın əməkdaşları isə “Liberation” qəzetinin redaksiyasında fəaliyyətlərini davam etdirirlər. Onlar hələlik mediaya heç bir açıqlama vermirlər.
Parisdə ümumilikdə sakitlik hökm sürür. Polis gücləndirilmiş iş rejimində çalışır. Bütün strateji obyektlər, böyük prospekt və küçələr polis nəzarətinə götürülüb.