İmişlidə kanala düşən maşındakı gəncin meyiti iki gün sonra tapıldı
Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb. APA TV Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər verir ki, bu il yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili suya düşüb. Nazirliyin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər. Onlar avtomobildə olan sərnişinin axtarışına başlayıblar. Yanvarın 11-də 21 yaşlı Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb.
Xatırladaq ki, yanvarın 9-u səhər saatlarında İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisində Bəhrəmtəpə qəsəbə sakini Ədalət Əmirovun idarə etdiyi “Mercedes” markalı avtomobil körpüdən keçərkən kanala aşıb. Qəza zamanı "Mercedes"in sürücüsü xilas ola bilib. Xilasedicilərin köməkliyi ilə avtomobil qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb. Lakin sərnişin avtomobilin içərisində tapılmayıb və onun suda batdığı qənaətinə gəlinib. Elə həmin vaxtdan dalğıclar 21 yaşlı sərnişinin axtarışlarına başlamışdılar.