Fransua Olland: "Paris dünyanın paytaxtına çevrildi"

 

"Paris bazar günü dünyanın paytaxtına çevrildi".

APA TV-nin xəbərinə görə, bu sözlər çağırışı ilə "Respublika yürüşü" keçirilən Fransa prezidenti Fransua Ollanda məxsusdur. Ölkə bu yürüşlə "Şarli Ebdo" həftəliyinin jurnalistlərinin öldürülməsi və Paris mağazalarından birində adamların girov götürülməsinə cavab verib. Onlarla ölkənin dövlət və hökumət başçıları yürüşdə iştirak etmək üçün Parisə gedib. Aksiyada Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib. Yürüşdə 1,6 milyon adamın iştirak edib. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəboyu keçirilən aksiyalara ümumilikdə 3,7 milyon adam qatılıb.

 

Yürüş iştirakçılarının əllərində "Mən Şarliyəm" (Je suis Charlie) şüarı və Fransa bayraqları olub.

Yürüşdə təhlükəsizliyin təmin olunmasına 5000-dən çox polis və hərbçi cəlb edilib. Yürüş marşrutu üzrə binaların damına snayperlər yerləşdirilib, polis helikopterləri təhlükəsizlik uçuşları həyata keçiriblər.

 

Yürüşə qatılanların sayının çox olması üçün sərnişin avtobusları pulsuz işləyib.

 

Yürüşə qatılan dünya liderləri arasında Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, İtaliyanın, İspaniyanın baş nazirləri, Avropa Komissiyasının prezident Jan Klod Yunker, Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Ukrayna prezidenti Petro Poroşenko, Türkiyənin baş naziri Əhməd Davudoğlu və başqaları olublar. Fələstin dövlətinin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahu da yürüşdə iştirak edib.

 

Aksiyaya Fransanın müxtəlif iqtidarları dövründə baş nazir və nazir olmuş siyasətçilər, millət vəkilləri, senatorlar, xristian, müsəlman və yəhudi icmalarının nümayəndələri də qatılıblar.

 

Respublika meydanından başlayan yürüş 3 kilometrlikdə yerləşən Millət meydanına qədər davam edib. Liderlər isə bu məsafənin 400 metrlik hissəsini qət ediblər.

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu yürüşdən sonra Avropaya mühüm mesajlar verib. O, Türkiyə səfirliyindəki çıxışında bildirib ki, Avropa da İslama qarşı hücumlarda da eyni həssaslığı nümayiş etdirməlidir.

Əhməd Davudoğlu bəyan edib ki, qarşı mədəniyyətlərə qarşı dözümsüzlük baş verənlərin əsas səbəbidir: "Bu terroru törədənlər müsəlman ölkəsində yox, Parisdə yetişiblər. Həmin terrorçuların bu vəziyyətə çatdırılmasının qarşısını almağımız çox vacibdir". 

Müəllif | Apa.Tv
Apa.tv