Qaxda mağazalardan oğruluq edən keçmiş məhkumlar tutulub
Qaxda mağazalardan oğruluq edən şəxslər tutulub. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Qapıçay kənd sakini Mikayıl Bəşəd oğlu Versalidze yaşadığı kənddə özünə məxsus qarışıq mallar mağazasından oğruluq edilməsi barədə Qax RPŞ-ə yanvar ayının 9-da yazılı müraciət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mikayıl Versalidziyə məxsus mağazadan oğruluq edən şəxslərin rayonun Turaclı kənd sakinləri - əvəllər məhkumluq həyatı yaşamış 27 yaşlı Hüseyn Əlyar oğlu Ağayev və 28 yaşlı Dursun Cəlaloviç Abduladze olduğu müəyən olunub. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib. Aparılmış ilkin istintaq zamanı məlum olub ki, Hüseyn Ağayev və Dursun Abduladze Mikayıl Versalidzeyə məxsus mağazadan 300 manat nəğd pul və 40 ədəd müxtəlif qiymətlərdə mobil telefon danışıq kartları oğurlayıblar. Hüseyn Ağayev və Dursun Abduladzenin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri zamanı o da məlum olub ki, onlar ötən ilin dekabr ayının 3-də rayonun Güllük kəndində Fəhnurə Yəhyə qızı İsayevaya məxsus qarışıq mallar mağazasından da oğruluq ediblər.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, Hüseyn Ağayev və Dursun Abduladzenin rayonda baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.