Xorvatiya tarixində ilk dəfə qadın prezident seçilib
Xorvatiyada keçirilən prezident seçkiləri ölkənin tarixində ilkə imza atılması ilə nəticələnib. APA TV-nin xəbərinə görə, ölkəyə yaxın 5 ildə ilk dəfə qadın rəhbərlik edəcək.
Prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Kolinda Qrabar-Kitaroviç qalib gəlib və Xorvatiyanın fəaliyyətdə olan prezidenri İvo Yosipoviçi məğlub edib. Dövlət Seçki Komissiyasının məlumatına görə, müxalif namizəd səslərin 50,86 faizini, fəaliyyətdə olan prezident isə 49, 32 faizini qazanıb.
Xorvatiya prezidenti İvo Yosipoviç məğlubiyyətini etiraf edib. O, xanım rəqibi Kolinda Qrabar-Kitaroviçi təbrik etdiyini bildirib: "Hər şey bitdi. Xanım qalib gəldi".
Kolinda Qrabar-Kitaroviçin 47 yaşı var. O, Xorvatiyanın Avropa inteqrasiyası və xarici işlər naziri işləyib, 2008-2011-ci illərdə Xorvatiyanın ABŞ-dakı səfiri olub. Ailəlidir, iki övladı var.