Cəlilabadda tövləyə hücum edən canavar 15 qoyunu parçalayıb
Cəlilabad rayonunda canavarlar tövləyə hücum edərək 15-ə yaxın qoyunu parçayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hücum nəticəsində vətəndaşa 2 min manata yaxın ziyan dəyib. Hadisə ötən gecə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini Famil Müstafayev səhər saatlarında heyvanları yemləmək üçün tövləyə girdikdə hadisədən xəbər tutub: “Canavar tikilinin divarını oyaraq oradan içəri soxulub. Bunu divarın taxtalarındakı yırtıcının diş izlərindən də müşahidə eləmək olur. Tövlədəki 15 xırdabuynuzlu heyvandan 13-ü yerindəcə tələf olub, 2 -i isə ölümcül haldadır. Heyvanların bir neçəsinin cəsədi sonradan yaxınlıqdakı meşədə aşkar edilib".
Kəndlilərin fikrincə, tövləyə bir yox, bir neçə canavar soxulub.
Canavarlarda quduzluq xəstəliyinin ola biləcəyi ehtimalı ilə Cəlilabad Baytarlıq İdarəsi tərəfindən ərazidə dezinfeksiya işləri aparılıb. Tələf olmuş heyvanların cəsədləri xüsusi qaydada zərəsizləşdirilərək basdırılıb.