4 dərəcə şaxtada dənizə girən Masallı sakini: "İsti sudan istifadə etmirəm"

Havanın temperaturu mənfi 4 dərəcədir, qar yağır. Belə hava şəraitində hər kəs soyuqdan qorunmağa çalışır. Ancaq bu soyuqlarn Masallı sakini Ələmdar Əliyevə heç bir aidiyyatı yoxdur. “Ginnesin rekordlar kitabı”na düşmək arzusu onu illərdir qarlı-şaxtalı havada Xəzər dənizində çimməyə gətirir. Cavanların həsrətlə onun hərəkətlərini izləməsindən həvəslənən bu dəniz “morj”una heç bir xəstəliyin gücü çatmır.

 

APA TV-nin xəbərinə görə, Ələmdar Əliyevin 67 yaşı var. Masallı rayonunun Hişkədərə kəndində yaşayır. Dünyaya göz açarkən qüsurlu doğulduğundan anası ondan imtina edib. Övladının yaşamasını arzulamayan ana onu həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpənin üç gün qar üzərində qalaraq ölmədiyini görən valideynləri onu evə qaytarıblar:  "Mən isti sudan istifadə etmirəm. Evimdə soba yandırmıram".

 

Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda çimdiyini, heç vaxt  xəstələnmədiyini deyir. Dənizdə çiməndən sonra o, özünü gümrah, rahat və yüngül hiss etdiyini bildirir: "Tövsiyə edirəm ki, məni kimi sağlam olun. İsti adamın ömrünü çürüdür".

 

Ələmdar Əliyev hazırda Masallı rayon Telekommunikasiya qovşağında montyor işləyir. İş yoldaşlarının sözlərinə görə, ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal aradan qaldırır.

 

Müəllif | Apa.Tv