Cəlilabadda mütəşəkkil oğru dəstəsi tutulub

Cəlilabad polisi uzun müddət oğurluqla məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib. APA TV-nin cənub bürosunun məlumatına görə, Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən 2-si qadın olmaqla 6 nəfər yaxalanıb. Saxlanılan şəxslər - Etibar Təhməzov, Yusif  Məmmədov, Zamin Məmmədov, Ramin Məmmədov, Sevda Babayeva və Nuranə Məmmədova ilkin dindirmə zamanı dəstə şəklində oğurluqla məşğul olduqlarını etiraf ediblər. İstintaqla müəyyən edilib ki, peşəkar dəstənin əsas hədəfi kəndlərdəki ticarət obyektləri olub. Bundan başqa, saxlanılanlar avtomaşınları soyduqlarını da boyunlarına alıblar. İstintaqın gedişində aşkar olunub ki, dəstə təkcə Cəlilabadda deyil, qonşu Masallı və Biləsuvar rayonlarında da niyyətlərini həyata keçirib.  Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv