Kitabxanalar və muzeylər şəhəri Urmiya - XÜSUSİ REPORTAJ
Urmiyada maraq kəsb edən ictimai obyektlərdən biri sözsüz ki kitabxanadır. Bəhram Əsədi Urmiyada fəaliyyət göstərən "Yaz" Nəşriyyat evinin direktorudur. Yazıçı, həm də şairdir. Onun sayəsində "Yaz"da nəşr edilən əsərlər Azərbaycan dilində çap olunur. Urmiya kitabxanasında balaca bir guşədə nəşr etdiyi kitabların təqdimatını edir. Burada Azərbaycan şairlərindən Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Məhəmməd Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsiminin əsərlərinə, “Dədə Qorqud”, “Koroğlu” dastanlarına, Qarapapaq tayfalarının tarixinə dair kitablara rast gəlmək mümkündür. Kitablar Azərbaycan türkcəsində, həm fars, həm də latın qrafikası ilə çap edilib. Bir qrup jurnalistin Qərbi Azərbaycan vilayətinə səfərini eşidən şair bizi də özünəməxsus tərzdə salamladı.
Bəhram Əsədinin ləhcəsi və dili buradakı bütün urmiyalılardan fərqlidir. Demək olar ki, anlamadığımız söz işlətmədi. Bunun səbəbini də soruşduq.
“Mən bir ədəbiyyatçı kimi çalışmışam dilim də ədəbiyyata tərəf yönəlsin. Ona görə də oxuduqlarım, danışdıqlarım dilimə və deyimlərimə təsir edib”.
Bu kitabxana Qərbi Azərbaycan vilayətinin mərkəzi kitabxanasıdır. Kitabxananın müdiri Əli Firuzun sözlərinə görə, Qərbi Azərbaycan vilayətində 115 kitabxana var.
“Bura isə mərkəzi kitabxanadır. Burada 140 min cild kitab var. Kitabxanamızın 70 min üzvü var”.
Burada bütün yaş qrupuna aid vətəndaşlar və fiziki qüsuru olan insanlar üçün kitablar mövcuddur. Şərait yüksək səviyyədə təşkil olunub. Hətta ailəli şəxslər belə buraya gələrək uşaqlarını onlar üçün ayrılmış otağa qoyub, sərbəstə kitab oxuya və ya araşdırma apara bilərlər.
Kitabxanada ingilis, Azərbaycan türkcəsi, fransız və bir çox başqa dillərdə kitablar var. Onlardan bəzilərini yalnız kitabxanada oxumaq olar, digərləri isə evə verilir. Kitabxanaya gəlmək imkanı məhdud olan insanlar üçün isə evlərə pulsuz kitab daşıma xidməti də mövcuddur.
Kitabxananın ən maraqlı bölmələrindən biri əlyazmalar şöbəsidir. Kitabxananın bu bölməsinə məsul əməkdaşın dediyinə görə, burada ən qədim kitab 422 il bundan əvvəl Səfəvi dövründə yazılmış Qazi Nurulla Tostəriyə məxsus "Ehqaqul Həqq" kitabıdır. Kitab dini motivdədir və əsasən kəlamlardan ibarətdir. Buradakı əlyazmaların əksəriyyəti dini kitablardır. Kitabların əksəriyyəti yerli dini alimlərin əlyazmalarıdır. Burada 134 əlyazma və 225 daş yazı var. Lakin əlyazmalar tam işlənməyib. Kitabxana əməkdaşının dediyinə görə, bu prosesə hələ yeni başlanılıb. Gələcəkdə əlyazmaların üzlərinin köçürülməsi və internet saytına yerləşdirilməsi planlaşdırılır ki, bu da gələcəkdə kitabların beynəlxalq şəkildə işlənməsinə şərait yaradacaq. Kitabxanada o dövrə aid kəbin kağızlarının nümunələri də var.
Urmiya şəhərinin tarixi qədim olduğundan buranın muzeyləri də eksponatlar baxımından zəngindir. Yerli əhalinin həyatını, yaşayış tərzini əks etdirən bu muzey Şəhərdarlığın binasında yerləşir. Binanın girişində orta əsr yerli döyüşçülərin sərkərdələrinin libasları nümayiş olunur. Yerli əhalinin həyat tərzini nümayiş etdirmək üçün ayrı-ayrı otaqlarda xüsusi maketlər qurulub.
Otaqlardan birində sadə azərbaycanlı kəndlinin ailəsinin maketi qoyulub. Qadın həvəngdəstədə buğda üyüdür, yanında beşikdə uşaq var. Digər tərəfdə başqa bir qadın buğda təmizləyir. Kişilər isə yerdə bardaş quraraq kitab oxuyurlar. Bir tərəfdə isə samovarda çay qoyulub və ətrafına armudu stəkanlar düzülüb.
Başqa bir otaqda qədim Azərbaycan geyimləri - bu ərazilərin əsas sakinləri olan Qarapapaq, Şahsevən tayfalarının kişi və qadın geyimi sərgilənib.
Qədimdə yerli sakinlər un əyirər, xalça toxuyarlarmış. Onların yun daraqları dövrümüzə kimi qorunub saxlanılıb. Həmçinin çoban geyimi, nehrə və vərdənə çalxalayan qadın, yuxa yayan və sacda bişirən qadın maketləri də var.
Urmiyanın Arxeologiya və Etnoqrafiya Muzeyində saxlanılan ən qədim əşyanın 9 min ildən çox yaşı var. Ən gənc eksponatlar isə Qacarlar dövrünə aiddir.
Urmiya qədim Manna dövlətinin paytaxtı olduğundan burada o dövlətə aid nümunələr çoxluq təşkil edir. Muzeydə daha çox Həsənli, Rabat, Qalayçı arxeoloji məntəqələrindən tapılan əşyalar muzeydə sərgilənir. Burada həmçinin Səlcuqlar, Elxanilər dövrünə aid mədəniyyət nümunələri də çoxdur. Ən çox tapıntılar isə Səfəvilər dövrünə aiddir. Ancaq bu dövrə məxsus əşyaların əksəriyyəti yerdən çıxarılmayıb.
Səfəvi dövrünə aid əşyaların çoxu yerdən çıxmayıb. Nəsildən-nəslə keçib. Ulu babalarımızın evindəki əşyalar nəsildən-nəslə ötürülüb. Və muzeyə təqdim olunub.